Bakıda AVTOBUS QATARLA TOQQUŞDU - yaralananlar var
Bakıda sərnişin avtobusu qatarla toqquşub. APA TV-nin xəbərinə görə, 30 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun yük qatarı ilə toqquşması nəticəsində yaralanan 6 nəfər xəsarət alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, Kliniki Tibbi Mərkəzə çatdırılan 5 yaralıdan 3-nün vəziyyəti orta-ağır, 2-nin vəziyyəti isə ağır kimi qiymətləndirilir. O.Şahmalıyev qeyd edib ki, hadisə zamanı yaralılardan birinə ilkin tibbi yardım göstərilib və sərnişin evə buraxılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzmmədovun verdiyi məlumata görə isə Nobel prospektindəki qorunmayan dəmir yolu keçidində yük qatarı keçidi keçməyə cəhd göstərən “Daewoo” markalı 10 TG 381 dövlət nömrə nişanlı 30 saylı marşrut avtobusu ilə toqquşub.
Hadisə yerinə Nəqliyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və Dövlət Yol Polisi əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Müəyyən olunub ki, keçidin texniki vəziyyəti “Dəmir yolu keçidlərinin istismarına dair Təlimat”ın tələblərinə uyğundur. Hadisənin baş verməsinə səbəb sürücünün “Yol hərəkəti haqqında” qanununun 44-cü maddəsinin tələblərinə riayət etməməsi olub.