Lənkəranda şəhid zabitin anım mərasimi keçirildi

Bu gün Lənkəran şəhər 7 saylı orta məktəbdə bu təhsil ocağının məzunu olmuş Silahlı Qüvvələrimizin şəhid zabiti Qalib Zülfüqarlının anım mərasimi keçirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, tədbirdə rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ veteranları, məktəbin şagird və müəllimləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə  çıxış edən məktəbin direktoru Ülviyyə Əliyeva şəhid zabitin qısa, lakin mənalı ömür yolundan danışıb. Diqqətə çatdırılıb ki, Qalib Layim oğlu Zülfüqarlı 1992-ci il dekabrın 20-də anadan olub. Lənkəran şəhər 7 saylı orta məktəbini bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2014-cü ildə leytenant rütbəsi ilə cəbhə xəttində hərbi xidmətini davam etdirib. Zabiti olduğu hərbi hissənin döyüşçüləri ilə birlikdə düşmənin layiqli dərsini verən, xalqımıza qələbə sevinci yaşadan oğulların sırasında Qalib Zülfüqarlı da fərqlənib, komandanlığın təşəkkürnamələri ilə  təltif olunub. Lakin 2015-ci il martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Ölkə başçısı İlham Əliyevin tapşırığı və müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

 

Mərasimdə Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Cəmil Axundzadə, Qarabağ Müharibəsi Əlilləri və Veteranları Cəmiyyətinin sədri Əbülfət Əliyev, müəllim Amil Qurbanov və digərləri çıxış edərək, Vətən torpaqları uğrunda şəhid olmuş Qalib Zülfüqarlının daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər.

 

Şəhid leytenantın atası Layim Veysəlov onların ailəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib. Oğlunun Vətən uğrunda şəhidliyindən böyük iftixar hissi keçirən ata digər oğlu Qabillə birlikdə günü bu gün də döyüşə atılmağa hazır olduğunu bəyan edib.

 

Anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.

 

Müəllif | Apa.Tv