"Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin bağlanış mərasimi keçirildi

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin bağlanış mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, bağlanış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər nümayəndələri, Kutaisi şəhərinin meri Şota Murquliani, Varna şəhərinin meri İvan Portnix, 2017-ci il Avropa Gənclər Paytaxtı Varna şəhər Bələdiyyəsinin rəhbər nümayəndələri, Azərbaycan prezidenti yanında Gənclər Fondunun rəhbərliyi, xarici ölkələrin diplomatik nümayəndələri, təşkilat sədrləri, mətbuat nümayəndələri, könüllülər və digər rəsmi qonaqlar iştirak edib.

 

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Azərbaycanın, o cümlədən Gəncənin mədəniyyəti, qədimliyi, tolerantlığı, multikulturalizmi, əhalisi ilə yanaşı, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" çərçivəsində həyata keçirilən layihələri özündə əks etdirən videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, tədbir iştirakçılarını salamlayıb. O, qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncədə görməkdən məmnun olduğunu bildirib.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqaməti gənclərin hərtərəfli inkişafı, cəmiyyətdə müxtəlif sahələrdə iştirak etmələrinə fəal şərait yaradılmasından ibarətdir.

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, ölkədə çox uğurla həyata keçirilən gənclər siyasətində gənclər təşkilatlarının rolu danılmazdır.

 

Varna şəhərinin meri İvan Portnix iştirakçıları salamlayaraq, qonaqpərvərliyə görə öz minnətdarlığını bildirib. İvan Portnix xüsusi vurğulayıb ki, Varna şəhəri qazandığı titulu layiqincə təmsil edəcək.

 

Azərbaycan prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, Azərbaycanın gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün öz bəhrəsini verir.

 

Tədbirin sonunda bu il "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin yüksək səviyyədə təşkil olunmasında əməyi olan gənclər təşkilatlarına, dövlət və biznes qurumlarına, mətbuat nümayəndələrinə və könüllülərə Fəxri Fərmanlar təqdim edilib. Təltif olunanlar arasında "APA Holding" də var.

 

Sonda xatirə şəkli çəkdirilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov