Bakı-Samara avtobusu qəzaya uğradı - İKİ ÖLÜ, ALTI YARALI
Sızran-Saratov-Volqoqrad avtomobil yolunun 551-ci kilometrliyində, Volqoqrad vilayəti Kamışinsk rayonunun Antipovka kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. “Lada Priora” markalı avtomobil duman səbəbindən Bakıdan Rusiyanın Samara şəhərinə hərəkət edən sərnişin avtobusunun yoluna çıxıb. Avtobus sürücüsü toqquşmadan yayınmağa cəhd edib. O, avtobusu yol kənarına çəkməyə çalışsa da, toqquşmadan yayına bilməyib. Toqquşmadan sonra “Lada” yolun kənarına aşıb.
Nəticədə “Lada Priora” markalı avtomobilinin sürücüsü və sərnişini ölüb. Avtobusda isə ikisi uşaq olmaqla altı nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Qalan sərnişinlər və avtobusun sürücüsü xəsarət almayıb.
Hadisə vaxtı avtobusda sürücü ilə birgə 15 nəfər, o cümlədən, 2 uşaq olub.