ABŞ-ın neft ehtiyatları azalır, qiymətlər artmağa başladı
Dünya bazarında neftin qiyməti 55-56 dollar intervalında dəyişir. APA TV-nin məlumatına görə, birjaların bu gün səhər keçirilən seanslarında “Brent” neftinin qiyməti 55,53 dollar təşkil edib.
Qərbi Texas nefti də itirdiyi mövqeləri yenidən bərpa etməkdədir. WTİ neftinin bir bareli hərraclarda 53,52 dollardan təklif olunur.
Qiymətlərin stabilləşməsinə və bahalaşma trendinə daxil olmasına ABŞ-ın neft ehtiyatlarının həcminə dair qeyri-rəsmi proqnozlar öz təsirini göstərib. Proqnozlara əsasən, ötən həftə ABŞ-ın neft ehtiyatları 2,5 milyon barel azalıb. Ehtiyatların həcminə dair rəsmi hesabat bu axşam açıqlanacaq. Bununla belə həm ABŞ-da, həm də dünyada hasil olunmuş neft ehtiyatlarının həcmi kifayət qədər yüksəkdir. Əgər OPEK əldə olunan razılaşmaya əməl etsə, vəziyyət dəyişə, nəticədə qiymətlər bahalaşa bilər.
Xatırladaq ki, "Goldman Sachs" analitikləri OPEK daxilində əldə olunan razılaşmanın həyata keçmə ehtimalını 84 faiz qiymətləndirir.