Meksikada fişəng faciəsi: 29 ölü, 100 nəfər itkin düşdü
Meksikanın Tultepek şəhərində fişəng istehsalı zavodunun yaxınlığında partlayış baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, nəticədə 29 nəfər ölüb. Bu barədə yerli Yanğından Mühafizə Xidmətinin məlumatında da bildirilir.
Güclü partlayış yerli vaxtla günorta saatlarında baş verib. Yanğının söndürülməsinə qonşu şəhərlərdən də yanğınsöndürmə briqadaları cəlb edilib. Hadisə yerinə ordu qüvvələri də gəlib.
İnsident nəticəsində 70-dən çox insan xəsarət alıb, onlar hadisə yerindən hərbi təyyarələrlə təxliyə ediliblər. 100-dək insanın itkin düşdüyü bildirir.
Məlumata görə, mağazalardan birində baş verən partlayış və yanğın qısa zamanda bazardakı 300 ticarət obyektindən 290-nı məhv edib. Partlayışlar yerli sakinlər arasında çaxnaşmaya səbəb olub.