Bakı Nəqliyyat Agentliyi: Paytaxtda 16 min taksi fəaliyyət göstərir

“Son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamilə aradan qaldırılıb. Bakı Nəqliyyat Agentliyi (BNA) taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə müəyyən tədbirlər həyata keçirilib”. APA TV-nin məlumatına görə, bu barədə BNA-nin rəhbəri Vüsal Kərimli bildirib.

 

O qeyd edib ki, taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs (sürücülərin soyadı, əlaqə nömrələri və texniki göstəriciləri), həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb: "Təqribi hesablamalara əsasən hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili fəaliyyət göstərir. Taksi xidmətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də duracaqların yaradılması ilə bağlıdır. Bu məsələnin həlli şəhərin tıxac probleminin aradan qaldırılması baxımından da önəmlidir. Aparılan araşdırmalarla Bakı şəhərində ümumilikdə 160 taksi duracağı təsbit edilib. Artıq bu duracaqlardan 79-u invertarlaşdırılaraq sürücülərin ixtiyarına verilib. Digər duracaqlarla bağlı da iş davam etdirilir. Duracaqların invertarlaşdırılması zamanı əsas diqqət bu məntəqələrin yerləşdiyi ərazidə digər hərəkət iştirakçıları üçün maneə yaratmasıdır”.

 

Vüsal Kərimli bildirib ki, marşrut şəbəkəsində reallaşdırılan digər bir vacib layihə sərnişin avtobuslarına “GPS” izləmə cihazlarının quraşdırılmasıdır. 1551 ədəd avtobusda quraşdırılan “GPS” izləmə cihazları vasitəsilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq.

 

V.Kərimli vurğulayıb ki, marşrut şəbəkəsinin fəaliyyətinin düzgün təşkili və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sayəsində ötən dövrlərlə müqayisədə son bir ildə sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və ölüm hallarının statistikasında 80% azalma müşahidə edilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd