“Şəhid övladlarına tort pulsuzdur!" - LƏNKƏRANDA XEYRİYYƏ AKSİYASI
“Şəhid övladlarına tort məmulatları pulsuzdur. Hesab ataları tərəfindən ödənilib!” APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran şəhərinin Mir Mustafa xan küçəsində yerləşən ticarət obyektlərindən birinin qapısında asılmış bu elanın yanından etinasız keçmək mümkün deyil.
Mağazanın sahibi Rauf Hüseynov deyir ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş oğullarımızın xatirəsi xalqımız tərəfindən həmişə uca tutulub, onların məzarları and yerinə çevrilib. Dövlətimiz tərəfindən də şəhid ailələrinə, onların övladlarına lazımınca qayğı və diqqət göstərilir. Raufun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində belə qərara gəliblər ki, imkanları daxilində şəhid övladlarına diqqət göstərsinlər. Tort məmulatlarının onlara pulsuz verilməsi təşəbbüsü belə yaranıb.
Həmsöhbət olduğumuz Lənkəran sakinləri xeyirxah təşəbbüsü ürəkdən təqdir etdiklərini, respublikanın digər ticarət obyektlərinin sahiblərinin də ona qoşulmalarını arzulayıblar.
Mağaza sahibinin sözlərinə görə, nəcib təşəbbüsdən yararlanmağın yolu çox sadədir. Xidmətdən sui-istifadə hallarına yol verilməməsi üçün vəsiqənin təqdim edilməsi mütləqdir. Şəhid ailələri vəsiqə təqdim etməklə xidmətdən təmənnasız yararlana biləcəklər. İndiyə kimi bir neçə şəhid ailəsi xeyirxah təşəbbüsün bəhrəsini görüb. Bayramqabağı olduğu üçün sifarişlərin sayında artım da müşahidə olunur.