Şəmkirdə iki qəza: yaralılar var

Şəmkirdə iki yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisələrdən biri Bakı-Qazax magistral avtomobil yolunun 398-ci kilometrliyində, rayonun Muxtariyyə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

BMW markalı minik avtomobili ilə "İsuzu" markalı yük maşını toqquşub. Qəza zamanı BMW-nin sürücüsü, 1983-cü il təvəllüdlü Düz Qışlaq kənd sakini Sənan Tağıyev müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Digər hadisə isə Bakı-Qazax magistral yolunun Kür qəsəbəsinə dönən hissəsində qeydə alınıb. Şəmkir rayonunun Yeniabad kənd sakini, 1999-cu il təvəllüdlü Sübhan Qədirov “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın ağaca çırpılıb. Məlumata görə, S.Qədirov epilepsiya xəstəsi olub və qəzaya səbəb xəstəliyinin tutması olub.  

 

Hər iki fakt üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli