Rusiyalı mütəxəssis: "Azərbaycan FHN-in strategiyası düzgündür"
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 11-ci ildönümünə həsr olunmuş elmi-praktik seminar bu gün davam etdirilib.
APA TV-nin xəbərinə görə, “Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri və müasir yanğınsöndürmə metodları” mövzusunda keçirilən seminarda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev çıxış edərək, 10 saylı Günəşli Neft Platformasında yanğının söndürülməsinin təşkili və yanğınsöndürmə fəaliyyəti barədə danışıb.
Daha sonra "Safe Life" şirkətinin yanğından mühafizə məsələləri üzrə eksperti Barıyev "Yanğın təhlükəsizliyi sahəsində məhsulların normativ hüquq əsaslarının qiymətləndirilməsi məsələsi barədə məlumat verib. Kompleks Təhlükəsizlik üzrə Ümumrusiya Elmlər Akademiyasının vitse-prezidenti G.Kurpin isə Azərbaycan FHN-in düzgün strategiya müəyyənləşdirməsindən məmnunluğunu ifadə edib: "Seminarda aparılan fikir mübadiləsi, çıxışlar hazırda olan aktual mövzuları əhatə edir. Burada natiqlər yanğının söndürülməsindən tutmuş, yanğın zamanı vətəndaşların tez bir zamanda evakuasiya olunması praktikası, nəticələri barədə müzakirələr aparır. Bütün bunlar gələcəkdə müsbət nəticələr verəcək və vətəndaşların təhlükəsizliyinin təmin olunması baxımından çox önəmlidir".
Elmi-praktiki seminar bu gün başa çatıb.