Hacıqabulda aşan maşın yandı: 3 yaralı
Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan “Daewoo” markalı minik avtomobili aşıb və alovlanmağa başlayıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən yanğın söndürülüb, alovun yaxınlıqdakı tikiliyə keçməsinin qarşısı alınıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Gəncə şəhər sakini, 27 yaşlı Nadir Tağıyev, Türkiyənin İstanbul şəhərinin sakinləri - 71 yaşlı Məhəmməd Əli oğlu Dəmirqırar, 56 yaşlı Şəfəq Bayram qızı Dəmirqırar Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra Nadir Tağıyev ambulator müalicəyə gönərilib, Türkiyə vətəndaşları isə travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.