Masallıda kriminal avtoritetin qardaşı qətlə yetirildi

Masallıda qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə dekabrın 21-də axşam saatlarında Lənkəran-Boradigah şosesinin rayonun Türkoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Əslən Lənkəran rayonundan olan və Bakı şəhərində yaşadığı bildirilən 23 yaşlı Murad Əfqan oğlu Quluzadə yolun kənarında dayanmış “Volkswagen-Passat” markalı minik avtomobilinə avtomat silahından atəş açıb. Nəticədə avtomobilin sükanı arxasında əyləşmiş Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 37 yaşlı  Fariz Maşallah oğlu İsmayılov aldığı çoxsaylı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Onun  meyiti  müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb.

 

Məlumata görə, hadisəni törətmiş Murad Quluzadə  Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gələrək könüllü təslim olub. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Qətlə yetirilmiş Fariz İsmayılovun lənkəranlı kriminal avtoritet kimi tanınan  “Piter Elçin”in qardaşı olduğu bildirilir.

 

Qeyd edək ki, bu il iyunun 20-də Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif  İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən güllələnərək qətlə yetirilib. Həmin killerin hadisəni törətdiyi bazada azərbaycanlılar tərəfindən döyülməsinin görüntüləri internetdə yayılmışdı. O, sifarişli qətlə görə 10 milyon rubl aldığını etiraf etmişdi.

 

 

Müəllif | Apa.Tv