Bakıda bir neçə binadan liftlərin ehtiyat hissələri oğurlanıb
Bakının Yasamal rayonundakı bir neçə yaşayış binasından liftlərin ehtiyat hissələri oğurlanıb. APA TV-nin məlumatına görə, naməlum şəxslər lift şaxtalarının qapılarını sındıraraq, lift təsərrüfatına aid ehtiyat hissələrini söküb aparıblar. Hadisə gecə saatlarında baş verdiyindən, Yeni Yasamal-2 yaşayış massivindəki 7 saylı binanın sakinləri bu barədə səhər lift işləməyəndə xəbər tutublar.
Sakinlər liftin sıradan çıxdığını güman edərək mütəxəssis çağırıblar. Usta gəldikdən sonra məlum olub ki, misdən ibarət sarğılar sökülüb.
Yalnız bundan sonra sakinlər Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ərazi üzrə polis bölməsinə məlumat veriblər. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində faktla bağlı araşdırmalara başlanılıb. Əldə etdiyimiz məlumata görə, Dadaş Bünyadzadə küçəsindəki 13 saylı və Yeni Yasamal-1 yaşayış massivindəki 11 saylı binalardan da liftlərin ehtiyat hissələri oğurlanıb. Cinayətlərin hamısı eyni üsulla törədilib və eyni dəstənin üzvlərinin əməli olduğu ehtimal edilir.