ABŞ-dan gələn xəbər nefti bahalaşdırdı, Liviya xəbərləri qiymətləri aşağı saldı
Birjalarda neftin qiymətinə pozitiv təsir göstərən amillər meydana çıxıb. APA TV-nin məlumatına görə, 14 illik maksimumu yenilədikdən sonra dolların mövqeyinin yenidən zəifləməsi neftin bahalaşmasına təsir göstərir. Bundan başqa ABŞ-ın neft ehtiyatlarının ötən həftə 4,16 milyon barel azalması da birjalarda qiymətlərin artmasına təkan verib. Bu iki amilin təsiri ilə "Brent" markalı neftin bir bareli 55,84 dollardan satılmağa başlayıb. Qərbi Texas nefti də sürətlə dəyər qazanıb. WTİ neftinin bir bareli axşam seanslarında 53,73 dollardan təklif olunub.
Lakin gecə saatlarında Liviyadan gələn xəbərlər nefti yenidən ucuzlaşdırmağa başlayıb. "Reuters" agentliyi Liviyanın üç neft yatağında hasilatın yenidən bərpa olunduğu barədə xəbər yayıb. Dünən Liviya Milli Neft Korporasiyası Şarara və Əl-Fil neft yataqlarından gələn kəmərlərin fəaliyyətini dayandırdığını aşıqlamışdı. Reuters rəsmi mənbəyə istinadən kəmərlərlə yenidən neft daşımalarının başladığını xəbər verib.
Hazırda Liviyada gündəlik 600 min barel neft hasil olunur. İlin sonuna kimi bu rəqəmin 900 min barelə çatdırılması nəzərdə tutulur, gələn il üçün isə hədəf gündəlik hasilatı 1,1 milyon barelə çatdırmaqdır. Liviyada gündəlik hasilat gücü 375 min barel olan Əs-Sider yatağında hasilatın başlaması nəticəsində ölkə 2017-ci il üçün hədəfinə çata biləcək kimi görünür. Bu isə bazarda təklifin tələbi üstələməsi deməkdir və qiymətlərə mənfi təsir göstərəcək.
Qeyd edək ki, Liviya OPEk-in üzvü olsa da, hasilatın azaldılması proqramında iştirak etmir.