Lənkəranda 47 yaşlı kişini maşın vurub öldürdü

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralının rayonun Parakənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 33 yaşlı Baba İslam oğlu Aslanovun idarə etdiyi "Suzuki" markalı, 10 JL 300 dövlət nömrə nişanlı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Lənkəran rayonunun Parakənd qəsəbə sakini, 47 yaşlı Şaiq Siyab oğlu Bəşirovu vurub.

 

Sürücü dərhal müxtəlif dərəcəli bədən xəsarətləri almış piyadanı maşınına qoyaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Şaiq Bağırovun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

 

İlkin versiya kimi qəzanın piyadanın sərxoş vəziyyətdə yola çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə yol polisinin həyata keçirdiyi avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv