Hava yağmursuz keçəcək, duman və çiskin olacaq

Bakı və Abşeron yarımadasında dekabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz arabir güclənən mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 23-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti fonunda mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Dekabrın 24-də atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında isə arabir çiskinli olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd