Əli Həsənov: "Gənclərimiz bütün səviyyələrdə Azərbaycanı təmsil etməyə qadirdir"

"Gənclər siyasətinin həyata keçirilməsində Gənclər Fondu mühüm rol oynayıb. Gənclər Fondunun xətti ilə 19 milyon manat, Gənclər və İdman Nazirliyinin xətti ilə gənclər siyasəti ilə bağlı beşqat çox vəsait xərclənib". APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Azərbaycan prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr edilmiş tədbirdə bildirib.

 

Ə.Həsənov deyib ki, yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisi birləşdiriləndə, daha yaxşı nəticə əldə olunur. "Gənclər ilk növbədə fiziki cəhətdən sağlam olmalıdır. Ona görə də nazirliyin xətti ilə çoxlu sayda idman kompleksləri tikilib. Eyni zamanda gənclərin sağlam, intellektli olması qarşıya qoyulan vəzifələrdən biri idi. Xarici şirkətlərdə, diplomatlar sırasında, dövlət orqanlarında, parlamentdə qabiliyyətli gənclərimiz var. Gənclərimiz bütün səviyyələrdə Azərbaycanı təmsil etməyə qadirdir", - deyə Əli Həsənov bildirib.

 

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, fəaliyyətə başladığı vaxtdan bu günə qədər Gənclər Fonduna 7098 layihə daxil olub, onlardan 3341-i dəstəklənib.

 

Gənclər və idman naziri Azad Rəhimov isə bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin dünyada model, nümunə siyasət kimi qəbul olunduğunu nəzərə çatdırıb.

Müəllif | Apa.Tv