Yaponiyada güclü yanğın: 140 ev külə döndü
Yaponiyanın Niiqata prefekturasında şiddətli yanğın baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, yanğın ərazidə yerləşən 140-dək fərdi yaşayış evini əhatə edib.
Hadisənin baş verdiyi əraziyə yanğınsöndürən və xilasedici qruplar cəlb olunub. Göstərilən bütün səylərə rəğmən, şiddətli yanğını ram etmək hələ ki mümkün olmayıb.
Hadisə yerinə xilasedicilərlə yanaşı, Yaponiya Mülki Müdafiə Qoşunlarının əsgərləri də cəlb olunub. Ətraf evlərin 580 nəfərə yaxın sakini təhlükəsizlik məqsədilə təxliyə edilib.
Hazırda yanğınla mübarizənin davam etdiyi bildirilsə də, şiddətli külək yanğınsöndürən və xilasedicilərin işinə əngəl yaradıb.
Qeyd edək ki, sözügedən ərazi İtoigava stansiyasının 200 metrliyində yerləşir.