Azərbaycan prezidenti türkdilli ölkələrin parlament sədrlərini qəbul edib

Dekabrın 22-də Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovu qəbul edib.

 

APA TV xəbər verir ki, qonaqları salamlayan prezident İlham Əliyev türkdilli ölkələrin parlament rəhbərlərinin Bakıya səfərinin əhəmiyyətini vurğulayıb, bu səfərin birliyimizi möhkəmləndirəcəyini və münasibətlərimizə yeni təkan verəcəyini qeyd edib.

 

Türkdilli ölkələrin parlamentləri arasında qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edən prezident İlham Əliyev türkdilli ölkələrin əməkdaşlığına dövlət başçılarının da öz fəaliyyətləri ilə töhfə verdiklərini bildirib və bu əməkdaşlığın həm region, həm də dünya üçün önəm daşıdığını deyib. Dövlət başçısı Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib.

 

Prezident Nursultan Nazarbayevin salamlarını və Azərbaycan xalqına sülh və əmin-amanlıq arzularını çatdıran Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin görüşdə iştirak edən həmkarları adından Azərbaycanda referendumun uğurlu keçməsi münasibətilə təbriklərini ifadə edib. N.Niqmatulin vurğulayıb ki, bu referendumun nəticələri Azərbaycan xalqının prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyini və müstəqilliyimizin möhkəmləndirilməsini dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi. Qazaxıstan Parlamenti Məclisinin sədri Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyinin mənzil-qərargahının inşasına görə dövlət başçısına minnətdarlığını bildirib. Vurğulayıb ki, “TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə” medalı təsis edilib və yekdil qərara əsasən ilk medala türkdilli ölkələrin həmrəyliyinin və birliyinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan prezidenti layiq görülüb. N.Niqmatulin medalı Azərbaycan prezidenti İlham Əliyevə təqdim etdi.

 

Söylədiyi xoş sözlər üçün Nurlan Niqmatulinə təşəkkür edən prezident İlham Əliyev TürkPA tərəfindən fəaliyyətinə verilən qiyməti yüksək dəyərləndirərək bildirib ki, bu medalın təqdim olunmasının Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyinin mənzil-qərargahının açılışına, həmçinin Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 25 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır. Dövlət başçısı bildirib ki, türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi qəbul edilir. Xalqlarımızın ümumi tarixə və köklərə malik olduğunu xatırladan prezident İlham Əliyev deyib ki, Azərbaycan gələcəkdə də türkdilli ölkələrin daha da yaxınlaşmasına, xalqlarımızın bir-birini dəstəkləməsinə töhfə verəcək. Dövlət başçısı Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarına ən xoş arzularını çatdırmağı xahiş edib.

 

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini vurğulayıb, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinə toxunaraq ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində TürkPA-nın rolunu xüsusi qeyd edib.

 

Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekov da ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirərək, parlamentlərarası əməkdaşlığın bu əlaqələrin inkişafına töhfəsini verdiyini qeyd edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov