Muxtar Maniyev Qala qəbiristanlığında dəfn olundu

Xalq artisti Muxtar Maniyev uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

 

APA TV-nin xəbərinə görə, xalq artisti ilə vida mərasimi bu gün Təzə Pir məscidində keçirilib.

 

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Vaqif Əliyev, Ədalət Vəliyev, "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov, mərhumun ailə üzvləri iştirak ediblər.

 

Vida mərasimində çıxış edən Müşfiq Hətəmov bildirib ki, M.Maniyev Azərbaycan kino tarixində ən çox filmə çəkilən aktyorlardan biridir.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Muxtar Maniyevi fədakar kino xadimi kimi xarakterizə edib: “Bəlkə də onun çəkildiyi yüzlərlə filmin adını çəkə bilərik - böyük rollardan tutmuş epizodik rollara qədər. Onun özünəməxsus gülüşü, siması vardı. O, həyata nikbin yanaşırdı. Bu, hamıya məlum idi. O, ətrafındakı insanlara müsbət emosiya bəxş edirdi. Çəkildiyi filmlərə baxanda, onu görəndə adamın ürəyi açılır. Belə kino xadimlərindən biri idi. Son illər əziyyət çəkirdi. Biz əlaqə saxlayırdıq. Gözəl insan idi. Allah rəhmət eləsin!”

 

Ailə üzvləri Muxtar Maniyevin şəkərli diabetlə əlaqədar uzun müddət müalicə aldığını, son illər çox əziyyət çəkdiyini deyiblər.

 

Xanlar Maniyev, qardaşı: “Xəstə adam necə olur? Danışmaq ağırdır. İtkidir… Axır vaxtlar əziyyət çəkirdi. Haqq yerinə çatdı. Allah rəhmət eləsin!”

 

Tural Maniyev, oğlu: “Atam son illər şəkərli diabetdən əziyyət çəkirdi. Xəstəxanada yatıb. Bu gün səhər saatlarında, 05.00 radələrində dünyasını dəyişib. Arzuları vardı. Yenidən filmlərə çəkilmək istəyirdi. Bütün Azərbaycan xalqının başı sağ olsun. Hər kəsə minnətdarlığımı bildirirəm”.

 

Vida mərasimindən sonra mərhum Qala qəbiristanlığında dəfn olunub.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Nigar Həsənli