Türkiyənin müdafiə naziri: 1005 İŞİD terrorçusu öldürülüb
Türkiyənin milli müdafiə naziri Fikri İşıq "Fərat qalxanı" əməliyyatı çərçivəsində indiyədək 1005 İŞİD terrorçusunun öldürüldüyünü deyib.
APA TV-nin məlumatına görə, Türkiyə Böyük Millət Məclisində danışan nazir terror təşkilatına aid 4 tank, 29 qumbaraatan, 97 avtomobil, 621 bina və 61 müdafiə məntəqəsi, 28 komandanlıq mərkəzi, 17 sursatxananın məhv edildiyini, 11 bomba yüklənmiş avtomobilin zərərsizləşdirildiyini bildirib. Əməliyyat çərçivəsində PKK/PYD/YPG-yə aid 14 bina, 4 müdafiə mərkəzi, 5 avtomobil və 1 PUA da məhv edilib.
Fikri İşıq Türkiyənin eyni zamanda İŞİD-ə həm də PKK/PYD/YPG və DHKP-C kimi terror təşkilatlarına qarşı güclü mübarizə apardığını qeyd edib: "İŞİD və digər terror təşkilatlarından təmizləndikcə bu bölgəyə dönüşlərin başladığını bilirik. Cerablus, Çobanbəy və İŞİD-ə görə simvolik məna daşıyan Dabıkın azad olunması doğrudan önəmlidir. Beləliklə, 2 min kvadrat km ərazi terrorçulardan təmizlənib. 225 yaşayış məskəni azad olunub".
Qeyd edək ki, "Fərat qalxanı" hərəkatı Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən avqustun 24-də başladılıb.