İşıq və qaza görə tətbiq olunan limit artırıldı
Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb. APA TV-nin məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev Tarif Şurasının bu gün keçirilən növbədənkənar iclasından sonra bildirib.
Onun sözlərinə görə, bu qərar ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub: "Əhalinin əsas təbəqəsinin sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədilə güzəştli dairənin genişləndirilməsi haqqında qərarlar qəbul edilib. Belə ki, aylıq istehlak həcmi 250 kilovat-saat əvəzinə 300 kilovat-saatadək qaldırılmış və beləliklə 300 kilovat-saatadək qaldırılmış və beləliklə 300 kilovat saatadək olan istehlakçılar üçün tarif 7 qəpik olaraq, yəni dəyişməz olaraq qalıb".
Nazir elektrik enerjisinə tətbiq olunan yeni limitdən əhalinin 80 faizinin faydalacağını da bildirib. Təbii qazın istehlak limitinə gəlincə, nazir bu məsələyə də aydınlıq gətirib: "Eyni zamanda təbii qaz üzrə 1500 kubmetr əvəzinə, 1700 kubmetrədək tarifin dəyişməz olan hissəsi qaldırılıb. Beləliklə, 1700 kubmetrədək istehlakçılar üçün tarif köhnə qaydada, yəni 1 kubmetr üçün 10 qəpik olaraq qalıb. Belə olan halda təbii qaz üzrə istehlakçıların 75 faizi güzəştli rejimdən istifadə edəcək, 75 faizi keçmiş tariflərlə 1 kubmetr üçün 10 qəpik ödəyəcəkdir".
Bununla da, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olacaq.