ABŞ-ın neft ehtiyatlarının artması nefti ucuzlaşdırmadı

Bazarda formalaşan amillərin təzyiqinə rəğmən neft dəyərini qorumaqdadır. APA TV-nin xəbərinə görə, son 24 saat ərzində "Brent" markalı neftin qiyməti 55 dollar ətrafında stabilləşib, səhər seanslarında bu markadan olan neftin bir bareli 54,86 dollardan satılıb.

Qərbi Texas nefti də dəyərini qoruya bilib. Səhər seanslarında WTİ neftinin bir bareli 52,71 dollardan təklif olunub. Bu, Qərbi Texas neftinin illik maksimum qiymətindən cəmi 1,7 dollar ucuzdur.

Dünən ABŞ Enerji İnformasiya İdarəsinin ölkənin neft ehtiyatlarının həcminə dair açıqladığı hesabat bazarda şok effekti doğursa da, bu effektin mənfi təsiri tez aradan qalxıb. Hesabata əsasən, ölkənin hasil olunmuş neft ehtiyatlarının həcmi 2 milyon barel artıb. Bundan əvvəl isə Amerika Neft İnstitutu ehtiyatların 4,6 milyon barel azalacağına dair proqnoz vermişdi. Bazar iştirakçıları iki hesabat arasında ciddi fərq olduğunu nəzərə alaraq rəsmi hesabatın daha siyasi xarakterli olduğunu düşünür. Bu düşüncə qiymətlərin ucuzlaşmasına imkan verməyib, qısa müddətli ucuzlaşmadan sonra neft yenidən 55 dollar səviyyəsinə yüksələ bilib.

Birjalarda həftənin son hərracları bu gecə keçiriləcək. Növbəti hərraclar bazar ertəsinə təyin olunub. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov