Sərsəng su anbarı ətrafındakı vəziyyətlə bağlı elmi-nəzəri konfrans keçirildi

AVCİYA-nın təşkilatçılığı ilə "2085 (2016) saylı AŞPA qətnaməsi: Praktikadan nəzəriyyəyə" adlı elmi-nəzəri konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, konfransda çıxış edən “İnsan hüquqları XXI əsr - Azərbaycan” Fondunun prezidenti Şahin Camalov bildirib ki, AVCİYA yarandığı gündən etibarən ölkəmizin milli maraqlarının beynəlxalq arenada təmsil olunması istiqamətində fəaliyyət göstərib.

 

O qeyd edib ki, indiyədək AVCİYA tərəfindən həyata keçirilən layihələr çərçivəsində Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində xalqımıza vurulan maddi-mənəvi zərərlərin, hazırda da ermənilər tərəfindən törədilməsi davam edən ekoloji terrorun nəticələrinin dünya ictimaiyyətə çatdırılması təmin edilib.

 

AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov isə təmsil etdiyi təşkilat tərəfindən nəşr edilən "Xocalı" kitabının dünyanın nüfuzlu kitabxanalarında qorunduğunu bildirib.

 

Qeyd edilib ki, təşkilatın və bilavasitə onun sədri, millət vəkili Elxan Süleymanovun fəaliyyəti nəticəsində ermənilərin ekoloji terrorundan əziyyət çəkən Sərsəng su anbarı ətrafındakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyət ətraflı məlumatlandırılıb, 2015-ci ildə AŞPA-nın Sosial Məsələlər Komitəsində bu məsələ ilə bağlı xüsusi qətnamə qəbul edilib.  

 

Konfrans çərçivəsində ali təhsil müəssisələri və AMEA-dan olan mütəxəssislərin Sərsəng su anbarında baş verə biləcək təhlükənin ekologiya üçün təhdidləri, erməni işğalı və bu məsələlərin beynəlxalq ictimaiyyət qarşısında daim qaldırılması barədə məruzələrlə çıxış etməsi də nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov