Nobel prospektində 3 yeni metro stansiyası tikiləcək
Bakı metrosunun "Xətai" stansiyasının birinci yolu təmirdən sonra bu gün istifadəyə verilib.
APA TV-nin xəbərinə görə, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 2014-cü ildən təmirə bağlanan "Xətai" stansiyasının birinci baş yolunda eyni zamanda "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arası yol mənzilində aparılan təmir işləri artıq yekunlaşıb.
O qeyd edib ki, bundan sonra "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arasında ikinci yolun təmirinə başlanacaq: "2014-cü ildən etibarən biz artıq təmir işlərinə başladıq. Tuneldə həm sağlamlaşdırma işləri, eyni zamanda həm relslərin, tunellərin, beton tupiklərin təmiri, eyni zamanda elektrik təchizat avadanlıqlarının rabitə avadanlıqlarının tamamilə dəyişdirilib yenidən qurulması işləri həyata keçirildi və artıq bu gündən etibarən stansiyanın birinci yolu tam olaraq sərnişinlərin istifadəsindədir. Bu, stansiyada apardığımız təmir-tikinti işlərinin birinci mərhələsidir. İkinci mərhələdə isə biz stansiyanın "Cəfər Cabbarlı" - "Xətai" stansiyaları arası yol mənzilinin ikinci yolunda təmir işlərinə başlayırıq. O təmir işləri də təxminən bir il müddətinə davam edəcək".
Nəsimi Paşayev bildirib ki, Bakının Nobel prospekti boyunca 3 yeni metro stansiyasının tikintisi nəzərdə tutulur ki, bunlardan biri "Ağ şəhər" ərazisinə, digəri isə Bakı Neft Emalı Zavodunun qarşısına təsadüf edir. Şərti adı "Y-15" olan stansiyada hal-hazırda hazırlıq işlərinə başlanılıb: "Orada tunel-qazıntı işlərinin aparılması üçün start kameranın tikintisi tam başa çatıb. Tunelqazma maşınının quraşdırılması ilə bağlı işlər tam yekunlaşmaq üzrədir. İşlər qaydasında gedərsə, yanvar ayından etibarən biz "Y-15", yəni Neft Emalı Zavodunun qarşısından "Şah İsmayıl Xətai" metro stansiyası istiqamətinə doğru tunelin qazıntısına başlayacağıq. Daha sonra "Y-15" stansiyasından tikilməkdə olan "Həzi Aslanov-2" stansiyasına doğru tunellərin qazıntısına başlayacağıq. Gələcəkdə "Şah İsmayıl Xətai" stansiyasından "Həzi Aslanov-2" stansiyasına doğru bizim 3 stansiyamız olacaq, tunellərimiz fəaliyyət göstərəcək. "Həzi Aslanov-2" stansiyasından sonra isə Günəşli, Qaraçuxur daxil olmaqla dairəvi qaydada "Dərnəgül" xəttinə birləşdiriləcək".
Nəsimi Paşayev onu da qeyd edib ki, "Xətai" stansiyasında görülən bütün işlər metronun maliyyəsi hesabına həyata keçirilir.