“Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib
Dini Qurumalarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, dini konfessiyaların rəhbərləri, gənclər iştirak ediblər.
G.İsmayılov bildirib ki, prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, dövlət-din sahəsində də həyata keçirdiyi siyasət ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır: “İslam bizim üçün təkcə din deyil, mədəniyyət, milli-mənəvi dəyər, mənəviyyat deməkdir. Azərbaycanda din dedikdə təkcə İslam deyil, digər dinlər də nəzərdə tutulur. Ölkədə milli-mənəvi dəyərlərin qorunmasına, dövlətin himayəsi altında inkişaf etdirilməsinə 1993-cü ildən başlanılıb”.
Onun sözlərinə görə, Azərbaycanda bütün tarixi sinaqoqlar bərpa olunub: “Bakının mərkəzində dövlət başçısının sərəncamı ilə yeni bir sinaqoq inşa edilib. Milli-mənəvi dəyərlərin qorunması, həm də dövlətçiliyin əsasını təşkil edir".
Seymur Orucov ölkədə tolerantlığın, multikulturalizmin qorunması, bu sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi bəhrələrdən danışıb.
Tədbir çıxışlarla davam etdirilib.