Lənkəranlı fermer: "5 min ördək yumurtasından yüz faiz bala alıram"

Lənkəranda toyuq əti istehsalı ilə məşğul olan bir neçə broyler müəssisəsi fəaliyyət göstərir. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonda ördək ətinə tələbat isə bir qayda olaraq həmişə fərdi təsərrüfatlar hesabına ödənilib.

 

Quşçuluqda 18 illik iş təcrübəsi olan yerli fermer Rauf Mahmudov rayonda ilkə imza ataraq, ördəkçilik təsərrüfatının yaradılmasına qərar verib. Fermer 7 ay öncə Rusiya Federasiyasından Lənkərana damazlıq ördək və yumurtalar gətirib. Onun sözlərinə görə, bu ördəklərinin yumurtaqoyma qabiliyyəti yerli ördəklərlə müqayisədə çox yüksəkdir. Belə ki, onlardan alınan  yumurtaların inkubatordan çıxışı da yaxşı nəticə verir.

 

Rauf Mahmudov deyir ki, hər dəfə inkubatora 5000 ədəddən çox ördək yumurtası daxil edilir. 26 gün keçəndən sonra yumurtalar bala verir. Əksər hallarda yumurtaların balavermə faizi 100 faiz təşkil edir. Bu nəticə, əlbəttə, fermeri tam qane edir.

 

Fermerin sözlərinə görə, ördək bəsləməyin digər bir üstün cəhəti isə bu quşların mövsümi xəstəliklərə yoluxmaması, soyuğa davamlı olmasıdır. Bundan başqa, Rusiyadan gətirilmiş ördək növləri çəkilərinə görə də fərqlənir. Kəsilmiş bir ördəyin çəkisi ən azı 4 kiloqramdan 5 kiloqramadək dəyişir. Toyuq ətindən fərqli olaraq, ördəklərin çəkisinin yüksək olması satış zamanı fermerlərə daha yüksək gəlir əldə etməyə imkan verir.

 

Rayonun Şürük kəndi ərazisində yaradılmış ördəkçilik təsərrüfatında ay ərzində 30 minə yaxın quş yetişdirmək mümkündür. Fermer yaxın vaxtlarda bu rəqəmi iki dəfə artırmağı planlaşdırır. Buna səbəb isə bölgədə qış aylarında ördək ətinə olan tələbatın artmasıdır. Maraqlıdır ki, inkubatora yığılmış yumurtalardan hələ çıxmayan ördək balalarının da satışı qabaqcadan həllini tapıb.

Müəllif | Apa.Tv