Hacıqabulda piyadanı vurub öldürən sürücü qaçdı
Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, səhər saat 7.30 radələrində Bakı-Qazax magistralının dönmə xəttinin üzərində, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.
Meyitə baxış keçirilərkən üzərindən Abdullayev Adıgözəl Hüseyn oğluna məxsus bank kartı aşkar edilib. Meyit müayinə olunmaq üçün Şirvan şəhər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdirilib. Aparılan əməliyyat tədbirləri çərçivəsində axşam saatlarında məlum olub ki, Ələt qəsəbə sakini, 1962-ci il təvəllüdlü Adıgözəl Hüseyn oğlu Abdullayev yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Hazırda avtomobilin axtarışları davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.