Liviya təyyarəsini qaçıranlar təslim oldu - TƏLƏB NƏ İDİ?

Liviya hava yolları şirkətinə məxsus təyyarəni qaçıran şəxslər Malta hüquq-mühafizə orqanlarına təslim olublar. Naməlum şəxslərin qaçırdığı və tələbləri yerinə yetirilməsə partladacaqlarını bildirdikləri təyyarə Maltaya eniş etmişdi. Dörd saatlıq danışıqlardan sonra bütün sərnişinlər və heyət üzvləri azad ediliblər.

 

Malta KİV-nin məlumatına görə, təyyarədə 118 nəfər - 111 sərnişin və 7 heyət üzvü olub. Sərnişinlər arasında Liviya vətəndaşları ilə yanaşı təxminən 10 xarici ölkə vətəndaşı da olub. Təyyarə daxili reyslə uçurmuş və ələ keçirildikdən sonra istiqamət dəyişdirərək, Maltaya enib.

 

Bəzi məlumatlara görə, təyyarəni qaçıranlar “Əl Fateh əl-Cədid” qruplaşmasının üzvləridirlər və Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın azadlığa buraxılmasını tələb ediblər. Bundan başqa, onlar Maltadan siyasi sığınacaq da istəyiblər.

 

Təyyarə eniş etdikdən dərhal sonra hava limanına hərbi dəstələr gətirilib. Hərbçilər təyyarənin bir neçə yüz metrliyində mövqe qursalar da, əvvəlcə heç bir hərəkət etməyiblər. Bir qədər sonra isə əməliyyat başlayıb və təyyarəni ələ keçirənlərdən biri tutulub. Daha sonra silahlı şəxslərin hamısı təslim olublar. Onlar saxlanılıblar və araşdırma aparılır. 

Müəllif | Apa.Tv