Nicat Dağlar yenidən Almaniyaya getdi
Leykoz xəstəliyindən müalicə olunan tanınmış jurnalist Nicat Dağlar yenidən Almaniyaya yola düşüb. Heydər Əliyev Hava Limanında APA TV-yə danışan jurnalist bildirib ki, növbəti dəfə Almaniyaya gedişi ikinci müalicə kursunun başlaması ilə bağlıdır. Jurnalistin sözlərinə görə, müalicə üçün ilk dəfə Almaniyaya gedəndə ilik köçürüləcəyini güman edirmiş. Lakin alman həkimlər hələlik buna ehtiyac olmadığını söyləyiblər.
Bu dəfə Almaniyaya Nicat Dağlar ilə qardaşı Rəşad Hüseynov da gedirdi. Jurnalist bildirdi ki, alman həkimlər onu da müayinədən keçirib, potensial donor kimi saxlayacaqlar.
Leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Nicat Dağlar bir neçə dəfə müalicə üçün Gürcüstanda olub. Jurnalistlərin və ictimai təşkilatların prezidentə müraciətindən sonra Nicat Dağların müalicə xərclərini dövlət öz üzərinə götürərək müalicə üçün onu Almaniyaya göndərib.