Xətai rayonunda yeni küçə salınır
Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yol inşa edilir.
APA TV-nin xəbərinə görə, 4 hərəkət zolaqlı olacaq yolun uzunluğu 260 metrdir. 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edəcək.
Hər iki tərəfdə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkiləri də inşa olunur. Piyada səkilərinin eni 2-3 metr arası dəyişir. Sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 10 ədəd işıq dirəyi quraşdırılacaq.
Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min kv. m sahəsinin asfaltlanması nəzərdə tutulub.
Tikinti işləri bitdikdən sonra yeni küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.