İntizam Komissiyası qərar verdi, Astan Şahverdiyev üzr istədi
Milli Məclisin İntizam Komissiyasının bu gün iclası olub.
Komissiyanın sədri, deputat Ağacan Abıyev APA-ya bildirib ki, iclasda deputat Astan Şahverdiyevin etiraza səbəb olan müsahibəsi ilə bağlı məsələ müzakirə edilib.
A.Şahverdiyevin iştirakı ilə keçirilən iclasda etdiyi hərəkətlərin ciddi səhv olduğu ona bildirilib, bunun deputat adına yaraşmadığı qeyd olunub. A.Şahverdiyev 9 nəfərlik komissiya üzvləri qarşısında üzr istəyib, mətbuatda da xalqdan üzr istəyəcəyi barədə öhdəlik götürüb: “İclasın son qərarı bu oldu ki, A.Şahverdiyev xalq qarşısında üzr istəsin, açıqlamalarında daha diqqətli olsun. Ona yazılı və şifahi heç bir xəbərdarlıq, töhmət elan edilmədi. Ona başqa nə cəza verək?"
Deputat Modern.az-a açıqlamasında səhvini anladığını vurğulayıb: “Mən Astan Şahverdiyev, 24 dekabr 2016-cı ildə “Azadlıq radiosu”na verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”.
Astan Şahverdiyev bunun məsələ ilə bağlı sonuncu açıqlaması olduğunu bildirib: “İki gün ərzində özümün, ailə üzvlərimin telefonuna çox sayda zənglər, mesajlar gəlib. Mesajlar o qədər çoxdur ki, yenilərini qəbul edə bilmir. Orada ağıza alınmayacaq təhqirlər yazılıb. Mən məsələnin bu yerə qədər çatmasına təəssüf edirəm. Bu mənim məsələ ilə bağlı sonuncu açıqlamamdır. Xalqımdan üzr istəyirəm, onların böyüklüyünə sığınıram”.
Qeyd edək ki, deputat Astan Şahverdiyev Biləsuvarda məskunlaşan köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırıb.