İslam Oyunlarının keçirilməsi üçün 100 milyon dollar xərclənəcək
Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün 100 milyon dollara yaxın məbləğ nəzərdə tutulub.
APA TV-nin xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, bu məbləğin 60 milyonu bu il üçün nəzərdə tutulub. Məbləğin əsas hissəsi açılış və bağlanışa xərclənəcək. İslamiadada 4000-ə yaxın idmançı iştirak edəcək: “Onlarla birgə 2000 texniki işçi də gələcək. Atletlər kəndində 6000-ə yaxın insan qalacaq. Ardınca bu binalar sahibkarlara qaytarılacaq və satışa çıxarılacaq".
Nazir bildirib ki, Əməliyyat Komitəsinin işləri qaydasında gedir və heç bir gecikmə olmayacaq: “Burda 500-dək Azərbaycan gənci, 60 nəfər xarici vətəndaş çalışır. Əsas məsələlər nəqliyyat işini həll etmək, idman qurğularının ətrafında hasarların tikilməsi, strukturun yaradılmasıdır. Açılış və bağlanış mərasimi də bu sıradadır. Heç bir gecikmə yoxdur və vaxtında açılış mərasiminə hazır olacağıq”.
Azad Rəhimov əlavə edib ki, bu il Azərbaycan idmançıları ümumilikdə 837 medal qazanıb. Bunlardan 297-si qızıl, 250-si gümüş, 290-ı bürünc mükafat olub. İdman növləri üzrə yığma komandalarımız 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışında iştirak edib. Həmçinin ölkəmizdə 203 respublika yarışları keçirilib ki, onlardan 52-si beynəlxalq xarakterli olub. Ümumilikdə 198 beynəlxalq yarışda atletlərimizin çıxışı təmin edilib.
Arxada qalan ili dəyərləndirən Azad Rəhimov 2017-ci ildə də ölkəmizi bir sıra yarışların gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları, “Formula-1” üzrə Qran-pri turniri və qadın voleybolçular arasında Avropa çempionatı yüksək səviyyədə təşkil olunacaq.