Bakıda "Gömrükçü həyatı" adlı fotosərgi keçirilir

Bu gün Muzey Mərkəzinin Sərgi Qalereyasında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, həvəskar fotoqraf Aydın Mehdiyevin "Gömrükçü həyatı" adlı fərdi fotosərgisi keçirilib.

 

APA TV xəbər verir ki, sərginin açılışında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, DGK sədri Aydın Əliyev, qurum əməkdaşları və digərləri iştirak edib.

 

Sərginin açılışında çıxış edən A.Əliyev qeyd edib ki, 120 şəkilin sərgiləndiyi fotosərgi DGK-nin yaradılmasının 25 illiyinə həsr olunub. Müəllif fotokameranın yaddaşına gömrük əməkdaşlarının gündəlik iş fəaliyyəti ilə bağlı məqamları köçürüb. Şəkillər 2016-cı ilin oktyabr-noyabr aylarında, bir neçə gün ərzində Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib.

 

Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən A.Mehdiyev eyni zamanda ölkə xaricində təşkil olunan fotosərgilərə qatılıb. BP şirkətinin Avropa paytaxtlarında - London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə iştirak edib, ABŞ-ın nüfuzlu “View Bug” fotomüsabiqəsində isə onun əsəri peşəkar fotoqrafların müsabiqəyə təqdim etdiyi 116 min foto arasında ilk onluğa düşüb.

 

18 ildən artıq gömrük orqanlarında xidmət edən A.Mehdiyev elmi nailiyyətləri ilə də diqqət çəkir. Fizika-riyaziyyat elmləri namizədi, texnika elmləri doktoru olan A.Mehdiyev 56 elmi məqalənin, iki kitabın müəllifidir.

 

Sərgi dekabrın 30-dək davam edəcək.

Müəllif | Apa.Tv
Ayşən Əhməd