Bir ailə “VAZ-2107”də qəzaya düşdü: gənc ana öldü, ata və iki uşaq ağır yaralandı
Gəncədə ağır yol qəzası baş verib. APA-TV-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prozpekti ilə Adilxan Ziyadxanlı küşəsinin kəsişməsində baş verib. Gəncə şəhər sakini 34 yaşlı Alim Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Ələkbər Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ 2107”-nin sürücüsü Alim Hüseynovun həyat yoldaşı Günel Əliyeva hadisə yerində keçinib. Sürücünün özü və övladları - 4 yaşlı Rüzigar Əliyev və 3 yaşlı Şövkət Əliyeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, Alim Əliyevin vəziyyəti ağır olaraq qalır. Bundan başqa "Mercedes"in sürücüsü Ələkbər Əliyev və sərnişini Etibar Hüseynov yüngül bədən xəsarətləri alıb.
Gəncə Şəhər Baş polis İdarəsindən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.