Beynəlxalq Muğam Mərkəzində xeyriyyə aksiyası keçirildi

Beynəlxalq Muğam Mərkəzində  "Yeni ilə əl-ələ" adı altında tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, əvvəlcə "ASAN Radio"nun fəaliyyətini əks etdirən təqdimat nümayiş olunub.

 

Təqdimatda radionun yaranma tarixi, fəaliyyəti, yayım siyasəti və həyata keçirdiyi layihələrlə bağlı məlumatlar yer alıb.

 

Ardınca "ASAN Radio"nun direktoru Emin Musəvi çıxış edərək, rəhbərlik etdiyi radionun Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yarandığını bildirib. O qeyd edib ki, yarandığı ilk gündən rəhbərlik etdiyi radiostanisiya dövlət qurumları ilə vətəndaşlar arasında körpü rolunu oynayaraq, qarşısına dinləyicilərin dövlət xidmətəri sahəsində maarifləndirilməsi məqsədini qoyub: "Çox şadıq ki, 1 il ərzində dinləyici auditoriyamız artıq mövcuddur. Radiomuzun ən fərqli cəhəti ondadır ki, "ASAN Radio" dövlət xidmətləri sayəsində ixtisaslaşan ilk və yeganə radiodur. Çalışırıq faydalı olaq və növbəti aylarda, illərdə bundan da maraqlı verilişlərlə dinləyicilərimizin görüşünə gələcəyik əlbəttə".

 

E.Musəvi rəhbərlik etdiyi radionun eyni zamanda istər ölkə daxilində, istərsə də dünyada baş verənləri operativ şəkildə çatdırmaqla dinləyicilərin tələbatını ödəməyə çalışdığını qeyd edib.

 

Mərasimdə eyni zamanda "ASAN Radio"nun "Jurnalistika" ixtisası üzrə təhsil alan tələbələr üçün geniş təcrübə imkanları yaratmasından da söz açılıb.

 

Bildirilib ki, "Yeni ilə əl-ələ" aksiyası çərçivəsində uşaq evləri və internat məktəblərinə zəruri məişət əşyaları da hədiyyə olunacaq. Rəsmi hissə başa çatdıqdan sonra səhnəyə ilk olaraq "Natiq" ritm qrupu çıxıb.

 

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov