Neftin qiyməti illik maksimuma yaxınlaşır

Dünya bazarında neftin qiyməti illik maksimuma yaxınlaşır. APA TV-nin xəbərinə görə, son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 56,95 dollar olub ki, bu da illik ən yüksək göstəricidən cəmi 94 sent ucuzdur. Səhər seanslarında bu markadan olan neftin bir bareli 56,83 dollardan təklif olunur.

 

Qərbi Texas neftinin də qiyməti illik maksimuma yaxınlaşır. Son 52 həftə ərzində WTİ neftinin ən yüksək qiyməti 54,51 dollar olub, axşam isə qiymət bir illik fasilədən sonra 53,96 dollara çatıb.

 

Neftin bahalaşma trendini qoruması iki amillə izah olunur. Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini aşağı sala biləcəyinə dair məlumatlar birjalarda pozitiv dəyərləndirilib, "ucuz dollar baha neftdir" düsturu artıq işə düşüb. Digər tərəfdən OPEK üzvlərinin hasilatı azaltmaq barədə razılaşmaya əməl etməsi ehtimalı 92 faizə qalxıb. Bayram ərəfəsində birjaların tətilə çıxması da treyderləri neft ehtiyatı toplamaq məcburiyyətində qoyub, bu səbəbdən "qara qızıl"a tələbat avtomatik artır.   

Müəllif | Apa.Tv
Apa.tv