Salyanda itkin düşmüş şəxsin meyiti tapılıb, qatil sabiq polis əməkdaşıdır
Salyan rayonunda bir il əvvəl itkin düşən şəxsin meyiti tapılıb. APA TV-nın Mil-Muğan bürosunun xəbərinə görə, ötən ilin noyabrında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb.
Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.
Salyan rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R. Cavadov E. Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.
Hazırda onun xarici ölkələrdən birində gizləndiyi bildirilir.
Faktla bağlı Rövşən Cavadovun həyat yoldaşı Nazənin Cavadova və qızı polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
R. Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır.
Meyit hazırda Salyan rayon morqunda müayinə edilir.
Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.