Prezident: “Hətta artırılmış tariflər qonşu ölkələrdəki tariflərdən bir neçə dəfə aşağıdır”

“Bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilib. Bu, sırf sosial yanaşma idi”. APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında deyib. Dövlət başçısı bildirib ki, növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək:

 

“Yəni, bu, o deməkdir ki, əhalimizin əksəriyyəti bu dəyişikliyi hiss etməyəcək, əksinə, görülmüş tədbirlər nəticəsində vətəndaşların sosial müdafiəsi gələn il daha da möhkəmlənəcək. Bu, sosial ədalət prinsipidir. İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm, biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik”.

 

Prezident deyib ki, “ASAN xidmət”də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Dövlət başçısının sözlərinə görə, bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi:

 

“Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq “ASAN xidmət”in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. “ASAN xidmət”, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir. Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da “ASAN xidmət” mərkəzləri açılacaq. Biz bunu tədricən edəcəyik”.

 

Prezident İlham Əliyev bildirib ki, 2018-ci ildə Azərbaycanın bölgələrində 10 mərkəz yaradılacaq.

 

Müəllif | Apa.Tv