Ağdaşda su idarəsinin şöbə rəisi güllələndi
Ağdaş rayonunda qətl hadisəsi törədilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə dekabrın 28-i saat 22:00 radələrində Ağdaş şəhərindəki kafelərdən birində qeydə alınıb.
Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayevlə kafedə birgə yeyib-içdiyi dostu arasında insident baş verib. Adı hələlik məlum olmayan şəxs Elçin Babayevə üstündə gəzdirdiyi tapançadan bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan şöbə rəisi hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs qaçıb gizlənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onun qısa zamanda tapılaraq istintaqa təhvil verilməsi üçün bütün qüvvələr səfərbər edilib. Hazırda rayonun giriş və çıxış yolları nəzarətə götürülüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.