Cəbhə xəttində gərginlik: atəşkəs 39 dəfə pozuldu
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan erməni silahlı bölmələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.
Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.