Neft bahalaşır, qiymətlər illik maksimuma yaxınlaşır

Neftin qiymətləri ilin sonunda 2016-cı ilin maksimumunu yeniləməyə çalışır.

 

APA TV-nin xəbərinə görə, gün ərzində “Brent” markalı neftin bir barelinin ən yüksək qiyməti 57,26 dollar olub ki, bu da illik maksimumdan 63 sent ucuzdur. Birjaların yeni iş günündə bu markadan olan neftin qiyməti 56,65 - 56,97 dollar aralığında dəyişib və səhər seanslarında 56,86 dollar təşkil edib.

 

Qərbi Texas neftinin qiyməti 52 həftəlik maksimum göstəriciyə daha yaxındır. Axşam seanslarında WTİ neftinin qiyməti 54,29 dollara çatıb ki, bu da ilin ən yüksək qiymətindən 22 sent ucuzdur. Hazırda hərraclarda bu markadan olan neft 53,76 dollara təklif olunur.

 

Dolların altı əsas valyutaya nəzərən formalaşan indeksinin ucuzlaşması neftin qiymətinə pozitiv təsir göstərir. Bazar iştirakçıları hesab edir ki, OPEK daxilində hasilatı azaltmağa dair razılaşmaya əməl olunsa, bu bazarda gündəlik 500 min barel defisit yarada bilər. Bu baxımdan 2017-ci ildə “Brent” neftinin qiymətinin 65-70 dollar arasında möhkəmlənəcəyi qənaəti daha da güclənir.

 

Qeyd edək ki, birjalarda ilin son hərracları sabah axşam keçiriləcək.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov