Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonda biznes forum keçirilib

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Londonda biznes forum keçirilib.


Forumu AAC-ın biznes əlaqələndiricisi Venesa Rain açıb. O, Azərbaycanın müasir tələblərə cavab verən infrastruktura malik olduğunu qeyd edib, ölkəmizdə son illərdə aparılan islahatlardan, dövlət-özəl sektor əməkdaşlığının güclənməsindən danışıb.

 

V.Rain təmsil etdiyi təşkilatın gördüyü işlər barədə də danışıb. O, AAC-nın Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərin inkişafı üçün göstərdiyi fəaliyyətdən bəhs edib.

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da ölkəmizdəki inkişafdan danışıb. Səfir neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətlə inkişaf etdiyini bildirib, ölkəyə gələn və ölkədaxili investisiyalardan bəhs edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Orxan Məmmədov Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib.

 

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov isə bildirib ki, bu forumun məqsədi hər iki ölkənin biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmaqdır. Tale Heydərov forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi, biznes əlaqələrinin daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi və yeni layihələrin planlaşdırılmasına zəmin yaradacağına əmin olduğunu deyib.

 

Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət səfiri Çarls Hendri ölkəsi ilə Azərbaycan arasındakı ticarət əlaqələri haqqında məlumat verib.

 

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza da Azərbaycanın mədəniyyət, enerji və bir çox sahələrdəki inkişafının təqdirəlayiq olduğunu deyib. 

Forum işini sessiyalarda davam etdirib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv