Ağdaşda vəzifəli şəxs niyə öldürüldü? - TƏFƏRRÜAT

Ağdaş rayonunda qətl hadisəsi törədən şəxs tutulub, hadisənin bəzi təfərrüatları məlum olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə dünən axşam saat 22:00 radələrində Ağdaş rayonundakı “Dəhnə” kafesində qeydə alınıb.

 

Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan 1978-ci il təvəllüdlü Elçin Niyazi oğlu Babayev və kafedə birgə yeyib-içdiyi dostu, 1979-cu il təvəllüdlü Ağdaş sakini Pərviz Əlövsət oğlu İsmayılov arasında insident baş verib. Pərviz İsmayılov üstündə gəzdirdiyi tapançadan 3 dəfə atəş açıb. Ağır xəsarətlər alan şöbə rəisi hadisə yerində dünyasını dəyişib.

 

Hadisəni törədən Pərviz İsmayılov silahı ilə birgə qaçaraq gizlənib. Hadisədən sonra kafenin qarşısında qalan Elçin Babayevin idarə etdiyi “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsus H 027 709 nömrə nişanlı “Hyundai SantaFe” markalı minik avtomobili evakuatorla hadisə yerindən götürülərək Ağdaş Rayon Polis Şöbəsinə aparılıb. Avtomobildə olan mərhuma məxsus əşyalar ekspertizaya aparılıb.

 

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları həmin silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onun qısa zamanda taparaq istintaqa təhvil veriblər.

 

Qeyd edək ki, Pərviz İsmayılov bir qızı ov tüfəngi ilə qətlə yetirdiyinə görə 10 ildən çox məhkumluq həyatı yaşayıb. Onun Elçin Babayevi də qısqanclıq zəminində aralarında baş verən dava zamanı qətlə yetirdiyi bildirilir.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.   

Müəllif | Apa.Tv
Elvin Yaqubov