Son 100 İLİN ƏN SOYUQ QIŞI gəlir
Azərbaycanda qış fəslində gözlənilən hava proqnozu noyabrın sonlarında açıqlanacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, hər il noyabrın ortalarında Serbiyanın paytaxtı Belqrad şəhərində Ümumdünya Meteoroloji Təşkilat tərəfindən forum keçirilir. Bu il də forum noyabrın 12-dən başlanacaq və 21-dək davam edəcək: “Bu forumda Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin nümayəndələri, eyni zamanda, dünyanın 5 regional iqlim mərkəzləri olan Rusiya, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-ın beynəlxalq təşkilatlarının əməkdaşları iştirak edir. Bir neçə mərhələdən ibarət olan forumda proqnozlar dinamik və statistik rəqəmlər əsasında hazırlanır. Forumun sonunda isə qış fəslinin hava proqnozu açıqlanır. Bu forumdan sonra noyabrın sonlarında qış fəslinin hava proqnozu açıqlanacaq. Yalnız bu zaman qış fəslində havanın necə olacağını demək olacaq. Azərbaycan da qış fəslinin hava proqnozu noyabrın 3-cü ongünlüyündə ictimaiyyətə açıqlanacaq”.
APA TV-nin xəbərinə görə, bəzi meteoxidmətlərin məlumatlarına əsasən, bu il Avropa ərazisində son 100 ilin ən soyuq havası müşahidə olunacaq. Bunun Azərbaycana nə dərəcədə təsir göstərəcəyinə gəlincə, bildirdilər ki, bu barədə nəsə demək çox çətindir. Qış fəslində havaların necə keçməsi ilə bağlı daha düzgün məlumatlar keçiriləcək forumdan sonra məlum olacaq.