Bakıda qazsız, işıqsız, yolsuz və məktəbsiz qəsəbə - REPORTAJ

Yollar dünyada çoxdur, sayı-hesabı yoxdur... Yox, elə düşünməyin ki, sizə şeir söyləmək fikrimiz var. Amma hər kəsin əzbər bildiyi şeirin ilk misrasını da əbəs yerə xatırlatmadıq. Bakıdan təqribən 10 kilometr uzaqlıqda yerləşən Digah qəsəbəsinin Yeni Digah yaşayış massivində bərbad yolların sayı-hesabı bilinmir.

 

Üstəlik, payız və qış aylarında paytaxtda yağıntıların intensiv hal alması, eləcə də kanalizasiya xətlərinin yoxluğu vəziyyəti onsuz da acınacaqlı olan bu yolları daha da korlayır. Keçilməz yollar səbəbindən həm ictimai nəqliyyat, həm də təcili yardım avtomobilləri əraziyə gəlməkdən qəti şəkildə imtina edir, kommunal xətlərin olmaması isə evlərin zirzəmisinə çirkab suların yığılmasına səbəb olur. Şəhid anası Səmayə Bayramovanın yaşadığı ev kimi: "Şəhid ailəsiyəm. Olanım da bircə o kişidir, bir qızdır. Altdan su çıxıb, qaz, su, işıq yoxdur. Bu nədir? Bu yaşayışdır?"

 

Bu kələ-kötür, çuxuru və palçığı bol olan yolla hərəkət etməyə məcbur olan Yeni Digah sakinləri onları narahat edən problemlərlə bağlı bələdiyyə də daxil olmaqla, aidiyyəti qurumlara müraciət etdiklərini desələr də, bunun əvəzində boş vədlər eşitdiklərini, bu vədlərin reallığa çevrilməsini istədiklərini bildirir.

 

Yeni Digahın daha bir "ağrıyan dişi" marşrut problemidir. Kələ-kötür yollar səbəbindən onsuz da gec gələn marşrut avtobuslarının azlığı səbəbindən də demək olar ki, hər gün qrafikdən kənara çıxılır.

 

Gülnarə Qurbanova, qəsəbə sakini: "Kanalizasiyamız, marşrutumuz yoxdur. Uşaqlar məktəbə gedib-gələ bilmirlər, yollarımız bu vəziyyətdə. Digah Bələdiyyəsi bu yollara bir az əncam çəkdi keçən il, üstündən bir az keçəndən sonra yenə çökür. Çünki kanalizasiya olmadığı üçün qrunt suları yerin altına gedə bilmir".

 

Əhali sayının bu istiqamətə yeni marşrutun açılmasını zəruri etdiyi qəsəbədə bircə avtobus xəttinin olması səbəbindən ərazidə yaşayanların şəhər mərkəzi ilə əlaqə imkanları demək olar ki, minimuma enib. Qəsəbənin kommunal sistemi isə ümumiyyətlə, acınacaqlı durumdadır.

 

Məzahir Məmmədov, qəsəbə sakini: "Bax, göz qabağındadır, zibillər aşıb-daşır, aparan yoxdur, kanalizasiya yox. Burada camaat zülm çəkir. Xahiş edirəm aidiyyəti təşkilatlardan ki, bura da baxsınlar. Qaz idarəsinə, su idarəsinə zəng eləyirik, yalandan aldadırlar. Bir dənə marşrut var - 179. Bir dənə də marşrut qoysunlar bura".

 

Yolların yararsız vəziyyətdə olması sakinlərin cibinə də öz təsirini göstərir. Bu enişli-yoxuşlu yolda avtomobillər tez-tez sıradan çıxır ki, onların təmir olunması əksəriyyəti işsiz olan sakinlərin indiki halda cibinə görə deyil.

 

Emil Yusifov, qəsəbə sakini: "Ayda bir dəfə maşına 100 manat xərc çəkirəm bu yollara görə. Çox bərbad gündədir. Qaldı ki avtobusa minməyə, iki saat mən burada avtobus gözləyirəm. Dolu gəlir, imkan olmur minməyə.  Aidiyyəti qurumlara demişik, maraqlanan yoxdur. Yaddan çıxmış kimi bir şeydir bura".

 

Bu qəsəbədə sözün birbaşa mənasında yolsuzluq hökm sürür ki, bu da uşaqların dərsə davamiyyətinə öz təsirini göstərir. Məsələn, qəsəbə sakini İkram Dəmirov Yeni Digahın bərbad yolları səbəbindən övladını məktəbə göndərə bilmir. Bunun üçün hər dəfə taksi xidmətindən istifadənin ailə büdcəsinə uyğun olmadığını bildirir: "Bizim tələbimiz bu yollardır. Mən iki övlad atasıyam, uşaqlarımı məktəbə göndərə bilmirəm. Ayda 80 manat taksi məndən pul istəyir ki, mən bu yollara girə bilmirəm, maşın dağılır".

 

Şikayətçi deyir ki, qəsəbədə orta məktəbin olmaması səbəbindən övladlarını uzaq məsafədə yerləşən məktəblərə aparmaq məcburiyyətində qalırlar ki, onlarda da vəziyyət ürəkaçan deyil: "Məktəblərimiz uzaq, soyuq, qar, palçıq... Mən uşağın birini məktəbdən çıxardıb, qoymuşam evə. Xahiş edirəm ki, heç olmazsa, bu yollarımızı, tələbimizi yerinə yetirəsiniz".

 

Qəsəbənin kommunal-məişət problemləri o qədərdir ki, bütün məsələləri bir reportaja sığdıra bilməyəcəyimizdən ehtiyatlanıb, burada yaşayan sakinlərdən Yeni Digahın həlli təxirəsalınmaz problemləri barəsində danışmalarını xahiş edirik. Məlum olur ki, Yeni Digahın yolları suyun içində olsa da, sakinlər içməyə su tapanda Allaha şükür edirlər. Aylarla su üzünə həsrət qalan sakinlərin bu problemini də elə onların özündən dinləyirik.

 

Qəhrəman Mədətov, qəsəbə sakini: "Bizdə su problemidir, marşrut problemidir. Bir dənə marşrutdur. Nə uşaqlarımız, nə qocalarımız, nə də qadınlarımız o avtobusa minə bilmir, sallanırlar. Dəfələrlə o avtobusdan adamlar düşüb xəsarət alıb, ölüm olub. Buna tədbir görən yoxdur. Tamamilə elə bil ki, təcrid olunmuşuq biz".

 

İndi görəcəyiniz kadrlarda isə əlavə şərhə ehtiyac duymuruq.

 

Yeni Digahın köhnə problemlərindən biri də qazın olmamasıdır. Ərazidəki evlərin hər birinə qaz xətti çəkilsə də, sakinlər qaz sobalarının necə işlədiyini belə unudublar. Üstəgəl, fasilələrlə verilən işıq qəsəbədə həyatı tamamilə iflic edib. Əraziyə bilavasitə məsuliyyət daşıyan bələdiyyədən aldıqları cavab isə taleyinə problemlər girdabı olan Yeni Digahın sakini olmaq yazılan bu insanların ümidlərini puça çıxarıb: "Bələdiyyəyə müraciət edirik, deyir maliyyə cəhətdən imkanımız yoxdur. Mənim də bu sənədləri gətirməkdə məqsədim odur ki, ödənişlərə baxın, bu pullar hamısı Xırdalan Bələdiyyəsinə gedir. Elə bir insan tapın ki, desin mən pul verməyib ev tikmişəm. Təkcə iki nəfərin ödədiyi pul müqabilində bu iki küçəyə düz-əməlli asfalt da çəkmək olar".

 

Yeni Digahın qaz problemi isə o həddə çatıb ki, sakinlər çarəni evlərini qızdırmaq, eləcə də qida ehtiyaclarını ödəmək üçün XXI əsrdə odun sobasından istifadə etməkdə görür.

 

Arif Quliyev, qəsəbə sakini: "İşığa da çek gəlir, 50-60 manat ay ərzində. Məcburam ki, odun sobası ilə qızdırım, odun da tapa bilmirəm".

 

Qəsəbə camaatı buranı bürüyən üfunət qoxusundan da narazılıqlarını bildirir. Söhbət yenə də gəlib çıxır buradakı torpaq sahələrinə görə verginin ödəndiyi bələdiyyənin üzərinə. Belə ki, ərazidəki tullantıların vaxtlı-vaxtında daşınmasına cavabdeh olan bələdiyyə bu vəzifə öhdəliyini də layiqincə icra etmir desək, yerinə düşər. Kadrlardan da göründüyü kimi, tullantıların atılması üçün ayrılan ərazidə  cəmi üç zibil qutusu var ki, bu say qəsəbə əhalisinin sayı ilə müqayisədə gülüş doğuracaq qədər azdır.

 

Sakinlərin daha bir narahatlığı uşaqların, elə böyüklərin də kabusuna çevrilən sahibsiz itlərdəndir. Nədən ki, sutkanın qaranlıq vaxtlarında itlərin əlindən küçələrdə gəzmək təhlükəli şəkil alır. Sakinlərin sözlərinə görə, onlar itlərin küçələrdə dolaşaraq, təhlükə saçması səbəbindən uşaqlarını təkbaşına məktəbə göndərməkdən ehtiyatlanır. Bu azmış kimi, xəstəlik, virus mənbəyi olan bu köpəklərin məhv edilməsi üçün tədbirlər görülməsə, bu halın nə kimi fəsadlara yol açacağını təsəvvür etmək üçün alim olmağa ehtiyac yoxdur.

 

Yeni Digahın ağrılı problemlərini xatırlatmaq məqsədilə Abşeron rayonu Digah Bələdiyyəsinin sədri Vüqar Ələkbərovla əlaqə saxladıq. Səsinin efirə verilməsini istəməsə də, sakinlərin qayğılarından xəbərdar olduqlarını bildirən sədr bütün bu məsələlərin 2017-ci il ərzində öz həllini tapacağını dedi.

 

Nə deyirik, təki hər şey bələdiyyə sədrinin dediyi kimi olsun. Bu vədlərin reallaşacağını gözləmək isə yenə də qalır aidiyyəti orqanların insafına, bir də sakinlərin səbrinə...

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov