Vergilər Nazirliyi: Bankların 8 mln. manatlıq borcu var
"Bu il Vergilər Nazirliyi proqnoz tapşırığa tam əməl edəcək". APA TV-nin məlumatına görə, bunu bu gün Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib.
O, vergi qanunvericiliyində dəyişikliklərin zəruri olduğunu qeyd edib: "Dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsir edir. Azərbaycan dövləti əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görür. Dünya bazarında neftin ucuzlaşması səbəbindən gəlirlərimiz azalıb. Buna baxmayaraq, əhalinin sosial müdafiəsi gücləndirilməlidir. Büdcə daxilolmalarının təmin olunmasında vergi orqanlarının da üzərinə böyük vəzifə düşür".
Onun sözlərinə görə, 2016-cı il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 10 mln. manat vəsait köçürülməlidir: "Gələn il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 mlrd. 510 mln. manat vəsaitin daxil olması nəzərdə tutulur. Büdcəyə daxilolmaların artması vergi qanunvericiliyində dəyişikliyi zəruri edir".
S.Ələkbərov bildirib ki, Milli Məclis tərəfindən qəbul olunaraq prezident İlham Əliyev tərəfindən imzalanmış "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun vergi sistemində həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklərə əsas verir.
Bütövlükdə Vergi Məcəlləsində 201 dəyişikliyin aparıldığını qeyd edən nazir müavini Məcəlləyə 115 yeni maddənin əlavə olunduğunu, 83 maddəyə isə dəyişiklik edildiyini və 3 maddənin ləğv olunduğunu bildirib
Sahib Ələkbərov elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyə edilmiş əlavə və dəyişiklikləri şərh edib: "Elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcısının olduğu yerdə tətbiq ediləcək. Bu dəyişikliyin əsas məqsədi rəqabət şərtlərinin eyniləşdirilməsindən və uçot sisteminin qurulmasından ibarətdir".
Vergi Məcəlləsində yer alan daha bir yenilik sabit verginin tətbiqi ilə bağlıdır. Qeyd olunub ki, sabit vergi fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə tətbiq ediləcək. Belə ödəyicilər kiçik həcmdə gəlirlərə malik şəxslərdir. Bəzi fəaliyyət növlərinin sabit vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin əsas məqsədi bu sahədəki uçotun təkmilləşdirilməsi və belə şəxslərin vergi yükünün minimallaşdırılması məqsədini daşıyır. Bu fəaliyyətlə məşğul olan fiziki şəxslər vergi öhdəliklərini bəyannamə təqdim etmədən, kiçik bir sabit məbləğ ödəməklə həyata keçirəcəklər.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Samirə Musayeva isə Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarla bağlı dəyişikliklərin vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacağını, sahibkarlığın inkişafına dəstək verəcəyini vurğulayıb.
Qeyd edilib ki, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib.
Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov qeyd edib ki, 2017-ci ilin yanvarın 1-nə bankların faiz və maliyyə sanksiyalarına görə təxminən 8 mln. manatlıq borcu var. Onun sözlərinə görə, 2017-ci ilin yanvarın 1-nə bankların 2 mln. 190 min manat faiz borcu, maliyyə sanksiyasına görə 4,8 mln. manat borcu yaranıb: "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi qəbul olunarsa, bankların faiz və maliyyə sanksiyasına görə, təxminən 8 milyon manat borcu silinəcək".