Abel Məhərrəmov: "BDU hansı güclə dünyanın ən reytinqli universiteti olsun?”
Milli Məclisin 6 komitəsi gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun 2014-cü ilin büdcəsini müzakirə edib. APA TV-nin xəbərinə görə, müzakirələrdə çıxış edən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, bu ilki büdcəni fərqləndirən əsas cəhətlərdən biri büdcənin formalaşmasında qeyri-neft sektoruna üstünlük verilməsidir. Proqnozlara əsasən, 2017-ci ildə büdcənin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq. Təhsil xərclərinin gələn ilin büdcəsində 15 faiz artırılacağını diqqətə çatdıran komitə sədri mövcud problemlərə toxunub: “Bu gün təhsil sistemidə problemlər çoxdur. mən yataqxana problemini qeyd etmək istərdim. Dövlət sifarişi ilə təhsil alan tələbələrin üçün ayrılan vəsaitin həcminin kifayət qədər olmamasını qeyd etmək istərdim".
Millət vəkili Abel Məhərrəmov isə qeyd edib ki, bu gün ölkədə mövcud olan ali təhsil məktəblərinin yataqxana məsələsi öz həllini tapmalıdır: “ Bakı Dövlət Universitetinin bir tələbəsi yataqxanada qalmır. Amma BDU-dan tələb edirlər ki, dünyanın ən reytinqli universiteti ol. Hansı islahla? Hanası güclə olum? Maliyyə Nazirliyi şərait yaradıb, işlərə başlamışıq, bir hissə sökülüb, yol bağlanıb. Çətin vəziyyət yaranıb”.
Qeyd olunan narazılıqlara münasibət bildirən maliyyə naziri Samir Şərifov isə deyib ki, universitetlər özünümaliyyələşdirmə haqda düşünməlidir. Ali təhsilin maliyyələşdirilməsi ilə bağlı məsələlərə toxunan nazir deyib ki, burada struktur dəyişikliyi olub. Əvvəllər maliyyə birbaşa universitetlərə verilirdisə, indi bu, Təhsil Nazirliyinə verilir. Buradan isə dövlət hesabına oxuyan tələbələrin adambaşına düşən hissəsi maliyyələşdirilir və həmin vəsait konkret olaraq universitetlərə köçürülür.