Yol polisləri əcnəbi sürücülərin qayda pozuntusuna niyə göz yumurlar?
Azərbaycanın yol polisi əməkdaşları arasında xarici dil bilənlərin olub-olmadığı maraq doğurur. Bəzən belə sual yaranır ki, öz vətəndaşları ilə güclə dil tapan yol polisləri görəsən, əcnəbilərlə necə rəftar edir? Təcrübə göstərir ki, yol polisləri xarici ölkə vətəndaşlarını saxlayıb cərimə yazmağa meylli deyillər. Ona görə ki, xarici dil bilənlər yox dərəcəsindədir. Həm də, xarici vətəndaşı saxlayıb cərimə etmək prosedur baxımından uzun sürən məsələdir. Bu səbəbdən də yol polisləri xarici ölkə vətəndaşlarının törətdiyi inzibati xətalara göz yumurlar. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev APA TV-yə bildirib ki, DYP əməkdaşları arasında xarici dil bilənlərin sayı artır: “Xarici dil bilən əməkdaşlarımız da var. Elə "Eurovision" yarışması dövründə də ingilis dilini bilən əməkdaşlarımız həmin tədbirə cəlb olunmuşdular. Amma rus dilini bilənlər daha çoxdur”.
Kamran Əliyevin sözlərinə görə, yol polisləri arasında xarici dil bilənlərin sayını artırmaq üçün tədbirlər görülür: “Polislər üçün xüsusi kurslar da təşkil edilir ki, əməkdaşlar həmin kurslarda iştirak edərək xarici dilləri öyrənirlər. Çünki artıq Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının da sayı çoxdur. Hər halda onlarla da ünsiyyətdə olarkən müəyyən bir qayda pozuntusunu izah etmək və ya onların öz hüquqlarını başa salmaq üçün ən azından sadə danışıq dilini bilmək lazımdır”.
Bu, Kamran Əliyevin dedikləridir, baxaq, görək, gerçək həyatda vəziyyət necədir?
Polisə yaxınlaşdıq və aramızda belə bir dialoq oldu:
- Salam. İngilis dilin bilirsiniz?
- Çəkiliş üçün icazə alın.
- Xarici vətəndaşları saxlayanda necə danışırsınız?
- Çəkməyin.
Suallarımıza cavab verməyən DYP əməkdaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşına yaxınlaşaraq bizi uzaqlaşdırmağa çalışır və çəkilişin qadağan olduğunu deyir. Lakin sonra bizimlə mehriban danışıb rus dilini bildiyini söylədi. Axırda da əlavə etdi ki, o həmişə jurnalistləri saxlayanda hörmət edir.
Başqa yol polisi əməkdaşları nə sualdan yayındılar, nə də bizə qarşı hörmətsizlik etdilər, onlar suallarımızı cavablandırdılar.
- Xarici dil bilirəm. Rus dili.
- Bəs ingilisdilli vətəndaşı saxlayanda nə edirsiniz?
- Bunun üçün də kurslarımız var.
- O kursdan keçibsiniz?
- Yazılmışıq.
Bu polis isə sözün həqiqi mənasında tələb olunan standartlara cavab verir. Polis serjantı Dəyanət Süleymanov rus və ingilis dillərində danışır.
- İngilis, rus dillərini bilirəm.
- Əcnəbi vətəndaşdan sənədlərini istəyə bilərsiniz?
- Bəli.
- Bəs qayda pozuntusunu necə izah edirsiniz?
- Baxır qayda pozuntusuna, hamısını olmasa da, bəzilərini başa sala bilərəm.
Burdan belə bir nəticəyə gəlmək olar ki, əcnəbi sürücülər Azərbaycanda avtomobili istədikləri kimi sürə bilərlər, yol polisi isə sadəcə, baxmaqla kifayətlənər. Amma unutmaq olmaz ki, yol polisləri bizimlə necə dil tapırlarsa, xaricilərlə də birtəhər dil tapmağı bacarmalıdırlar, sözün hər mənasında…