Ünvanlı sosial yardımlar ünvanına çatırmı?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aztəminatlı ailələrlə bağlı acınacaqlı hal ən çox ünvanlı sosial yardımların verilməsi ilə əlaqədardır. APA TV-nin məlumatına görə, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyir ki, yeni nazir təyin olunduqdan sonra ünvanlı sosial yardımların verilməsi günün aktual məsələsinə çevrilib. Ünvanlı sosial yardımın əhalinin aztəminatlı təbəqəsinə ünvanlı olaraq çatdırılmalı olduğunu deyən xidmət rəisi əlavə etdi ki, ölkədə bu xidmətin həyata keçirilməsi zamanı ciddi qanun pozuntularına rast gəlinir:
“Bu tapşırıqların icrası daim diqqətdə saxlanılacaq və yardım üçün müraciət edən vətəndaşlarla münasibətlərdə korrupsiya əməlinə yol verən əməkdaşlarla bağlı ciddi tədbirlər görüləcək. Bundan əlavə, mövcud sahədə hüquq-mühafizə orqanları ilə müvafiq nəzarət formalarının tətbiq olunması məqsədilə söhbətlər aparılıb və yardımların təyinatı işlərində qanunsuzluğa yol verən əməkdaşların ifşa olunaraq cəzalandırılması üçün birgə tədbirlər həyata keçiriləcək”.
Çingiz Əliyev görüləcək tədbirlərin daha effektli nəticələr verməsi üçün ünvanlı yardım alacaq 134 mindən artıq ailəyə də müraciət etdi:
“Heç bir əməkdaş vətəndaşları onlara təyin olunmuş yardımı onlarla bölüşməyə təhrik edə, yaxud əks halda onları yardım almaq hüququndan məhrum edə bilməz. Həmin vətəndaşlar əhalinin sosial müdafiəsi mərkəzlərində yardım təyinatı müqabilində onlarla aparılan hər hansı qanunsuz sövdələşmələrə getməməli və öz hüquqlarını qorumalıdır”.
Nazirlik rəsmisi unvanlı sosial yardım alan ailələrin hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda nazirliyin 142 - Qaynar xəttinə, və yaxud (012) 595 53 81, (012) 595 04 28, (012) 595 04 26 nömrəli telefonlara müraciət etmələrini tövsiyyə etdi.